Pyer-Emerik Obameyanq Mikel Arteta ilə münaqişəsini xatırladı

“Arsenal”ın keçmiş hücumçusu Pyer-Emerik Obameyanq “topçular”ın baş məşqçisi Mikel Arteta ilə münaqişəsinin təfərrüatını paylaşıb.

Arena.az xatırladır ki, qabonlu mərkəz hücumçusu ispan mütəxəssislə 2021-ci ildə münaqişə yaşamış və Artetanın fikrincə, nizam-intizamı pozduğu üçün komandanın məşqlərindən kənarlaşdırılmışdı.

Vurğulayaq ki, bundan əlavə, həmin dövrdə Obameyanq xəstə anasına qulluq edirdi.

“Mən bazaya gəlirəm, məşqçi iclası bitirir, sonra məni tutub dəli kimi üstümə anqırır: “Sən kürəyimə bıçaq sapladın. Yaşadığımız dövrləri nəzərə alsaq, bunu mənə edə bilməzsən”.

O an öz-özümə dedim ki, ona cavab verməyəcəyəm, yoxsa axırı pis olacaq. Heç bir axşam məclisinə getməmişəm. O, mənim gəlməməyimin səbəbini çox yaxşı bilir, ona görə də mənə niyə belə mühazirə oxuduğunu başa düşmədim.

Sonra evə gedirdim, həkim isə məni çağırdı və dedi: “Məşqçi sabah səni görmək istəmir”. Mən bunu qəbul etdim və növbəti oyunun gəldiyini bilirdim. Sonra öz-özümə dedim: “Lənət olsun, yenə hamı bu haqda danışacaq, tam bir mərəkə qopacaq, bu necə bir dəlilikdir?” – “Goal” dərəgisi “Colinterview” dərgisinə istinadən Obameyanqdan sitat gətirir.

Xatırladaq ki, Obameyanq 2018-ci ildən 2022-ci ilə qədər “Arsenal”da çıxış edib.

Pyer-Emerik Obameyanq “Milan” futbol akademiyasının yetirməsidir. Qabonlu hücumçu karyerası ərzində “Dijon”, “Lill”, “Monako”, “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona” və “Çelsi”də çıxış edib.

Obameyanq hazırda çıxış etdiyi Marsel “Olimpik”inə 2023-cü ilin iyulunda azad agent qismində “Çelsi”dən keçib. Qabonlu hücumçunun Fransa nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Obameyanq Marsel klubunun heyətində 51 oyuna çıxıb, 30 qol vurub, 11 məhsuldar ötürmə verib.

Pyer-Emerik 2009-cu ilin martında debüt etdiyi Qabon yığmasının heyətində 74 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə verib. Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan öz vətəni Qabonun xeyrinə seçim edib.

“Transfermarkt” internet-portalı 34 yaşlı qabonlu hücumçuunun transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: