Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.
Ali şahmat qurumunun rəsmi saytında açıqlanmış siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir. İki pillə irəliləyən kişilərdən ibarət millimizin lideri 2734 reytinq xalı ilə 16-cıdır.
Teymur Rəcəbov isə geriləyib. Ötən ayla müqayisədə üç pillə geri düşən qrossmeysterimiz hazırda 2704 xalla 30-cu sırada qərarlaşıb.
Rauf Məmmədov (2651) 5 pillə irəliləyib və hazırda 82-cidir.
İddiaçılar Turnirinin iştirakçısı olmuş Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb.
Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir. Amerika Birləşmiş Ştatlarını təmsil edən Fabiano Karuana 2805 xalla 2-ci, Hikaru Nakamura isə 2795 xalla 3-cü sırada qərarlaşıb.
Azərbaycanın qadın şahmatçılarından əksəri bu ay irəliləyişə nail olublar. Ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. Günay 2444 xalla 29-cu sırada qərarlaşıb. Gövhər Beydullayeva (2417) 39-cu, Ülviyyə Fətəliyeva (2399) 49-cu, Xanım Balacayeva (2385) 63-cü sıraya yüksəliblər. Gülnar Məmmədova (2348) isə 9 pillə geriləyib və hazırda 99-cu pillədə qərarlaşıb.
Qadınlar arasında lider Yifan Houdur (2632, Çin). Elə sonrakı iki pilləni də Çin təmsilçiləri tutublar – Ji Venyun (2558) və Ley Tinqjie (2548).


