Bu gün Azərbaycan kubokunun qalibi müəyyənləşəcək

Bu gün keçiriləcək final oyunu ilə futbol üzrə Azərbaycan kubokunun 2023/2024 mövsümünün qalibi müəyyənləşəcək.

Arena.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gələcəklər.

Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq final görüşünə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, “Zirə” tarixində ilk dəfə Azərbaycan kubokunu qazanmağa çalışacaq. Ağdam klubu isə indiyə qədər 7 dəfə (1993, 2005/06, 2008/09, 2014/15, 2015/16, 2016/17, 2021/22) ölkə kubokunun qalibi olub. Ağdam klubu Azərbaycan Kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudur. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.

“Zirə” finala qədər keçirdiyi bütün oyunlarda qələbə qazanıb. Rəşad Sadıqovun yetirmələri 5 matçda qalib gəliblər. Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün görüşlərdə qələbə qazanıb. 1993/94 mövsümündə “Kəpəz”, 1994/95 mövsümündə “Neftçi”, 2015/16 mövsümündə “Qarabağ” kuboku qələbə seriyası ilə əldə edib. “Zirə” finalda qalib gəlsə, yalnız üç komandanın bacardığını təkrarlayacaq.

“Qarabağ”la “Zirə” indiyə qədər Azərbaycan Kubokunda cəmi 1 dəfə üz-üzə gəliblər. Həmin oyun da 2021/2022 mövsümünün finalına təsadüf edib. İki il əvvəlki finalın 120 dəqiqəsi qollu heç-heçə (1:1) ilə bitib və mükafatın sahibi penaltilərlə müəyyənləşib. 4:3 hesabıyla qalib gələn “Qarabağ” Azərbaycan Kubokunun qalibi olub.

Bütövlükdə isə “Qarabağ”la “Zirə” 37-ci dəfə qarşılaşacaqlar. Bu komandalar daha öncə 36 dəfə görüşüblər. Bu matçlardan 35-i Premyer Liqa, 1-i kuboka təsadüf edib. “Qarabağ” 23, “Zirə” 1 dəfə qalib gəlib. 12 qarşılaşma heç-heçə bitib. Əvvəlki matçlarda Ağdam klubu 71, Bakı təmsilçisi 18 qola imza atıb.

Azərbaycan kuboku
Final
2 iyun

20:00. Qarabağ – Zirə
Mərdəkan. “Dalğa Arena”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: