Anton Krivotsyuk “Qvanqyu” ilə matçda 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın “Daejeon” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası ölkə çempionatının (K Liqa 1) 2026-cı il mövsümünün 32-ci turu çərçivəsində “Qvanqyu” ilə qarşılaşıb.

“Daejeon Hana Sitizen” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Krivotsyukun komandası 5 qolluq qarşılaşmadan qələbə ilə ayrılıb – 3:2.

Anton bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb.

“Daejeon Hana Sitizen” cari mövsümdə keçirdiyi 32 oyuna topladığı 46 xalla 12 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Krivotsyukun komandası 32 oyunda 12 qələbə qazanıb, 10 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Anton bu görüşlərin 21-də iştirak edib.

Xatırladaq ki, Anton Krivotsyuk Cənubi Koreya klubuna 2023-cü ilin fevral ayında Polşanın “Visla” (Plotsk) komandasından 600 min avro qarşılığında transfer olunub. O, bu komandanın heyətində 117 oyuna çıxıb, 6 qol, 3 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı müdafiəçinin Cənubi Koreya klubu ilə 2027-ci il dekabrın 31-nə qədər nəzərdə tutulmuş müqaviləsi mövcuddur.

Anton daha öncə Azərbaycanda “Neftçi”nin uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi Azərbaycan yığma komandasında da 48 matça çıxıb, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: