Rəşad Sadıqov: “Bu cür atmosferdə oynamaq çətindir”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 8-ci turunda “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Gəncədə baş tutmuş görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Olduqca maraqlı oyun alındı. İlk hissədə meydanda taktiki savaş gedirdi. Bu gün hər iki komanda 1 xal qazandı. İkinci hissədəki oyuna görə futbolçularıma təşəkkür edirəm. Rəqib qapıçının qurtarışları qırılma nöqtəsi idi. Bu cür atmosferdə oynamaq çətindir. Rəqib həqiqətən də 12 oyunçu ilə oynayırdı. Azarkeşlər möhtəşəm idilər. Burada oynamaq çox yaxşıdır. Sevinirəm ki, Azərbaycanda belə stadion var. Bu gün məğlub olsaydıq da, məyus olmayacaqdım. Qoldan sonra verdiyimiz reaksiya məni məmnun etdi. Amma bu, qələbə qazanmağa kifayət etmədi.

Heyətlə bağlı ciddi itkilərimiz var. Eren Aydın, İssa Cibrilla zədədən yeni qayıdıblar. Əlimizdə olan futbolçular risk altındadır. Problemlərimiz ciddidir. Əlimizdən gələni edirik. Yeni seleksiyalardan sonra komandada rəqabət artıb. “Şamaxı” və “Kəpəz”lə matçda Georgi Papunaşvilini əsas heyətdə oynamasını planlaşdırırdıq, amma xəstələndi. 10 gün yataqdan qalxa bilmədi. Bizimlə cəmi bir məşqə çıxmışdı”.

Azər Məmmədov daha bir legioner istəyir

“Kəpəz”in baş məşqçisi Azər Məmmədov isə heç-heçəyə belə şərh verib:

“Azarkeşlərimizə təşəkkür edirəm. Bir məşqçi kimi kənardan onların dəstəyini hiss edirəm. Komandamla fəxr edirəm. Futbolçular yaxşı iş görməyə çalışırlar. Heyətdə ciddi itkilərimiz var idi. Buna baxmayaraq, komanda pis təsir bağışlamadı. Bu gün çox güclü komandaya qarşı oynadıq və 1 xal qazandıq. Fikrimcə, nəticə pis deyil.

3 il əvvəl də burada idim. Həmin vaxt maliyyə daha az idi. “Sabah” Çempionlar Liqasında iştirak etdiyi üçün bizə də müəyyən qədər maliyyə gəldi. Bilirəm ki, bura hansı büdcəyə gəlmişəm. Ağlamaq fikirim yoxdur, sadəcə həqiqətləri demək istəyirəm. Rəhbərliklə danışığımız olub ki, hədəf Prremyer Liqada qalmaqdır. Daha yuxarı pillələrə yüksəlmək şansımız varsa, niyə də olmasın? Heyətə 11 legionar cəlb etmişik. Ona görə də 1 legioner gətirmək şansımız var. Bilirsiniz ki, 12-dən çox legioner olanda əlavə rüsum ödənilməlidir. Bu da bizim kimi klublar üçün çətindir. Qışda bir legioner hücumçu gətirmək istəyirəm. Yerli futbolçulardan istədiyim kimsə gəlmək istəsə, bundan məmnun olaram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: