Avstriyanın Qrats şəhərində gənclər arasında keçirilmiş cüdo üzrə Avropa Kuboku Azərbaycan millisi üçün uğurlu alınıb.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları iyunun 1-də start götürmüş və bu gün yekunlaşan turnirdə 3 qızıl və 1 bürünc medal qazanıblar.
Turnirdə 29 ölkədən 496 idmançı iştirak edib. Azərbaycan yığması medal əyarına görə ümumi hesabda Yaponiyadan sonra ikinci yeri tutub. Oğlanlar arasında isə komandamız Yaponiya, Serbiya, Braziliya və Gürcüstanı qabaqlayaraq birinci olub.
İkinci yarış günündə -81 kq çəki dərəcəsində Süleyman Şükürov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində iştirak edən Məmmədrza Hacızadə beşinci yeri tutub. -90 kq çəki dərəcəsində Şamil Tuncay mükəmməl performans göstərərək qızıl medal əldə edib. +100 kq çəki dərəcəsində Kənan Nəsibov da qızıl medal qazanıb. Bu çəki dərəcəsində digər cüdoçumuz Ramazan Əhmədov isə bürünc medal qazanıb.
Xatırladaq ki, cüdo üzrə gənclərdən ibarət yığmamız bu yarışa 14 idmançı ilə qatılmışdı.


