“Real”ın braziliyalı sol vingeri Vinisius Junior 2023/2024-cü illər mövsümü Çempionlar Liqasında daha bir nailiyyəti ilə diqqət çəkib.
Arena.az məlumat verir ki, braziliyalı futbolçu 37 uğurlu driblinq həyata keçirib və Vinisus bu göstərici üzrə hamıdan öndədir.
37 driblinqdən 8-ni Vinisius Çempionlar Liqasının Dortmund “Borussiya”sı ilə final oyununda (2:0) yerinə yetirib. Bu isə son 9 mövsümdə Çempionlar Liqasının finallarında ən yüksək driblinq göstəricisidir. Sonuncu dəfə 2015-ci ildə “Yuventus”la final oyununda oyunda argentinalı hücumçu Lionel Messi 10 driblinqlə fərqlənmişdi.
Mövsüm boyu göstərdiyi yüksək səviyyəli oyunu müqabilində hazırda Vinisius Junior “Qızıl top”a ən gerçək namizəddir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 24 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Vurğulayaq ki, “Vinni” mövsümün xeyli hissəsini zədəli olub.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 264 oyun, 83 qol, 75 məhsuldar ötürmə.
“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 28 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


