Daha əvvəl “İnter”in baş direktoru kimi çalışan italyan mütəxəssis Cüzeppe Marotta “neradzurri”nin prezidenti vəzifəsinə təyin edilib.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Marotta təyinatı ilə bağlı fikirlərini açıqlayıb:
“Mən, “Oaktree”yə onlarla və direktorlar şurası ilə birgə işləmək imkanı verərək mənə göstərdikləri etimada görə təşəkkür etmək istərdim. Bu təyinat son üç il ərzində kluba rəhbərlik etmiş bir çox insanın fantastik əməyini təqdir edir. “İnter”in bir hissəsi olmaqdan və kluba sadiq qalmaqdan qürur duyuram”, deyə Cüzeppe Marotta təyinatından sonra bildirib.
Xatırladaq ki, sükanı arxasında italyan mütəxəssis Simone İnzaqinin dayandığı “İnter” 2023/2024-cü illər mövsümündə İtaliya A Seriyasında erkən (sona 5 tur qalmış) çempionluğunu təmin edib. Yekunda “neradzurri” 94 xal toplayıb və 20-ci dəfə İtaliya çempionluğunu rəsmiləşdirib. Həmçinin “İnter” İtaliya Super Kubokunun qalibi olub.


