“Bolonya” yeni baş məşqçisinin adını rəsmən açıqladı

2023/2024 mövsümü bitən kimi Tyaqo Motta ilə yollarını ayıran İtaliyanın “Bolonya” komandasının yeni baş məşqçisi bəlli olub.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Vinçentso İtalyano çalışdıracaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Vinçentso İtalyanonun sonuncu iş yeri bir neçə gün öncə yollarını ayırdığı “Fiorentina” olub. Onun məhz Bolonyanın eyniadlı təmsilçisindən aldığı təklifə görə postundan ayrıldığı bildirilir.

Vinçentso İtalyano “Fiorentina”nın sükanı arxasına 2021-ci ilin iyulunda keçmişdi. İtalyan mütəxəssisin Florensiya təmsilçisi ilə müqaviləsi artıq geridə qalmış 2023/2024 mövsümünün sonuna qədər idi.

Çalışdırdığı müddətdə İtalyano “bənövşələri” 162 oyuna çıxarıb, 79 qələbə, 34 heç-heçə, 49 məğlubiyyət yaşayıb. Topların fərqi isə 272:199 nisbətindədir.

Artıq başa çatmış 2023/2024-cü illər mövsümü İtaliya A Seriyasını İtalyanonun “Fiorentina”sı 60 xalla yarış cədvəlinin 8-ci pilləsində başa vurub və növbəti mövsümdə Konfrans Liqasında iştirak hüququ əldə edib. İtalyan mütəxəssis “Firentina” ilə ardıcıl iki dəfə Konfrans Liqasının finalına yüksəlsə də, 2022/2023-cü illər mövsümündə “Vest Hem”ə (1:2), 2023/2024-cü illər mövsümündə isə “Olimpiakos”a məğlub olaraq, qəniməti əldən verib.

“Bolonya”nı isə 2022-ci ilin sentyabrından bəri Tyaqo Motta çalışdırırdı. O da İtalyano kimi komandası ilə uğurlu mövsüm keçirmişdi. Amma italiyalı mütəxəssis klubla mövsümün sonuna qədər qüvvədə olan müqaviləsini yeniləməyib. Buna onun “Yuventus”dan aldığı təklifin səbəb olduğu bildirilir. Lakin Turin təmsilçisi hələlik Mottanın təyinatını açıqlamağa tələsmir.

Motta “tazılar”ı 75 oyuna çıxarıb, 35 qələbə qazandırıb, 23 heç-heçə və 17 məğlubiyyət yaşayıb. Top fərqi isə 111:77 nisbətindədir.

Qeyd edək ki, “Bolonya” İtaliya A Seriyasında 2023/2024 mövsümünü 68 xalla 5-ci sırada başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: