Harri Maquayr AÇ-dən kənarda qalması haqda: “İçimdə boşluq var”

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr İngiltərə yığmasının AÇ-2024 üçün yekun heyətində yer almamasından söhbət açıb.

Arena.az italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ingilis futbolçunun bu barədə fikirlərini təqdi edir:

“Bu yay Avropa Çempionatında İngiltərə yığmasının heyətində oynamaq üçün seçilmədiyim üçün məyus oldum. Bütün səylərimə rəğmən, baldırımdakı zədəmi aradan qaldıra bilmədim. Bəlkə də uğur qazanmaq üçün çox çalışdım. Mən tamamilə tar-mar olmuşam. İngiltərəni təmsil etmək mənim üçün böyük şərəfdir. Mənim üçün hər şey deməkdir. Futbolçu kimi komandaya kömək edə bilməsəm, bir azarkeş kimi ona dəstək olacağam – bütün ölkə ilə birlikdə. Çıxın və qazanın, uşaqlar. Sonra növbəti mövsümə hazırlaşmaq üçün klubumun həkimlər dəstəsinin nəzarətinə qayıdacağam”, deyə Maquayr bildirib.

Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro müqabilində “Lester Siti”dən keçib. Müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə isə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.

Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023 İngiltərə Liqa Kubokuna və 2024 İngiltərə Kubokuna sahib olub.

Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 62 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: