Bahadur Həziyev “Səbail”ə lazım olmadı

“Səbail” ötən ilin yayında “Şamaxı”dan icarəyə götürdüyü yarımmüdafiəçi Bahadur Həziyev ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bahadur Həziyevlə bağlı “Şamaxı” FK ilə “Səbail” PFK arasında imzalanmış icarə müqaviləsinin müddəti başa çatıb. “Səbail” yarımmüdafiəçini heyətində saxlamaq istəməyib. Bu üzdən də paytaxt klubu futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. O, geridə qalmış mövsümdə “dənizçilər”in heyətində 20 oyuna çıxıb və 1 assistlə yadda qalıb.

Qeyd edək ki, 25 yaşlı futbolçunun “Şamaxı” ilə 2025-ci ilin 30 iyununa kimi qüvvədə olan müqaviləsi var. Bu üzdən də o, sözügedən klubun düşərgəsinə qayıdacaq.

Xatırladaq ki, “Neftçi”nin yetirməsi olan Bahadur Həziyev MOİK-də də forma geyinib. O, 2019-cu ildə məhz MOİK-dən “Səbail”ə keçib, bu klubun əvəzedicilərində və əsas komandasında oynayıb. Həziyev vaxtilə “dənizçilər”in heyətində meydana çıxdığı 10 oyunda 1 qol və 1 assistlə yadda qalıb. 2021-ci ilin fevralında isə yarımmüdafiəçi “Səbail”dən azad agent kimi ayrılaraq “Şamaxı”ya keçib. O, əyalət klubunun heyətində meydana çıxdığı 47 oyunda 3 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Bahadur Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynayıb, əsas millimizdə isə debüt şansı qazanmayıb.

“Səbail” daha öncə Adil Nağıyev, Ağabala Ramazanov, Səlahət Ağayev və Vüqar Həsənovla da yollarını ayırmışdı. “Turan Tovuz”dan Fərid Nəbiyevi heyətinə qatan paytaxt klubu Yusif Nəbiyev, Samir Abdullayev, Hüseynəli Quliyev, Rüfət Abdullazadə, Cabir Əmirli və Süleyman Əhmədovla da yeni müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: