“İnter”in türk dayaq yarımmüdafiəçisi Hakan Çalhanoğlu özünü Avropanın ən yaxşı yarımmüdafiəçisi saydığını bəyan edib.
Arena.az bu barədə “Calciomercato” dərgisinə istinadən məlumat verir:
“Dəfələrlə dediyim kimi, mən məhz bu hissi duyuram. Mən yaxşı bilirəm ki, çoxlu çempionlar var, lakin mən təkmilləşirəm və tərəqqi edirəm”, deyə Çalhanoğlu vurğulayıb.
Hakan Çalhanoğlu “Valdhof Manheym” və “Karlsrue” klublarının futbol məktəblərində yetişib, “Hamburq”, “Bayer” və “Milan”da oynayıb. “İnter” 2021-ci ilin iyulunda Çalhanoğlunu əzəli rəqibi “Milan”dan azad agent qismində öz düşərgəsinə qatıb. Türk yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib. Çalhanoğlunun “İnter”də çıxışının ümumi mənzərəsi isə belədir: 135 oyun, 27 qol, 24 məhsuldar ötürmə.
Hakan Çalhanoğlu hazırda kapitanı olduğu Türkiyə millisinin heyətində 85 oyuna 18 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.
Hakan Çalhanoğlu “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun (3 dəfə), qalibi olub. Həmçinin Çalhanoğlu 2021-ci ildə Türkiyədə ilin futbolçusu, 2024-cü ildə isə İtaliyada mövsümün oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 30 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


