Braziliya millisinin baş məşqçisi Dorival Junior 17 yaşlı hücumçu Endrikin istedadının əfsanəvi Pele ilə müqayisəsi haqda sualı cavablayıb.
Arena.az “Madrid Zone” dərgisinə istinadən, braziliyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Endrik və Pele? Gəlin bu oğlanla çox diqqətli olaq. Bu qədər qısa müddətdə onun həyatında çox şey baş verir. Endrik çox çalışmaqda davam edir. Mən onun “Palmeyras”da necə başladığını görmüşəm. Endrik önəmlidir, böyük diqqət ona yönəlib. Görün, o, bu qədər qısa müddətdə nə qədər iş görüb”, deyə Dorival Junior vurğulayıb.
Xatırladaq ki, bu gün, iyunun 9-da Braziliya millisini Meksika yığmasına qarşı oyununda (3:2) yeniyetmə istedad Endrik oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+6) “selesao”nun qələbə qoluna imza atıb.
Böyük futbolda 3-cü mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. Yeniyetmə hücumçunun “Palmeyras”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Amma Endrik İspaniya nəhəngi “Real”la müqavilə imzalayıb, 18 yaşı tamam olmadığı üçün isə yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “qaymaqlılar”a qoşulacaq. “Kral klubu” Endrikin transferi üçün 45 milyon avro məbləğində xərc çəkib.
Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Cari mövsümdə isə yeniyetmə istedad 22 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Endrikin “yamyaşıllar”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 82 oyun, 21 qol, 4 məhsuldar ötürmə.
Yeniyetmə futbolçu geridə qalmış 2022/2023 mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub. Endirk həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.
Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 5 oyun keçirib və 3 qol vurub.
“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


