“İnter” “neradzurri”nin italyan mərkəz yarımmüdafiəçisi Nikolo Barella ilə anlaşaraq, müqaviləsini yeniləyib.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Nikolo Barella “Kalyari”nin yetirməsidir. Bir müddər “Komo”da icarədə oynamış Barellanı “İnter” 2019-cu ildə “Kalyari”dən icarəyə götürüb, 2020-ci ilin sentyabrında isə “neradzurri” 32,50 milyon avro məbləğ müqabilində yarımmüdafiəçini tamhüquqlu əsasda heyətinə qatıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Barella “İnter”in heyətində bütün yarışlarda 48 oyuna çıxıb, 2 qol vurub, 7 məhsuldar ötürmə verib. Barellanın “neradzurri”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 235 oyun, 22 qol, 51 məhsuldar ötürmə.
Barella 2018-ci ilin oktyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 53 oyuna 9 qol və 9 məhsudlar ötürəm ilə fərqlənib.
Nikolo Barellanın qənimətlər muzeyində İtaliya A Seriyasının çempionluğu (2020/2021, 2023/2024), İtaliya Kuboku (2021/2022, 2022/2023), İtaliya Super Kuboku (2021/2022, 2022/2023, 2023/2024) var.
“Skuadra adzurra” ilə Barella AÇ-2020-nin qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.


