Ramin Quliyev: “Ramil Şeydayevdə ruh düşkünlüyü və inamsızlıq var”

“Sabah”ın baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ramin Quliyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Komandanı iki gündür ki, qəbul etmişəm. Kimə qarşı oynadığımızı bilirdik. Kollektivdə komanda ruhu, futbolçuların istəkli və inamlı olduğunu gördüm. İki gündə belə dəyişikliyin olması məni sevindirdi.

Visente Qomesin istefası klub rəhbərliyinin qərarıdır. Məsələdə qırılma anı olub. Qərar verildi ki, Visente Qomes getməlidir. Detalları tam açıqlaya bilmərəm.

Komandanı cəmi bir məşqə çıxarmışam. Futbolçuları özlərinə inandırmaq istədik. İki gündə heç yatmamışan. Heyət olaraq hər şeyin ən yaxşısına qadirik. Bu mübarizə ilə hər şey etmək olar. Vacib olan futbolçularda özünəinamı yaratmaq idi.

Ramil Şeydayevlə 2-3 dəfə söhbət etmişəm. Ramildə ruh düşkünlüyü və inamsızlıq var. Ona şərait yaradacağam ki, özünü sübut etsin. Ümid edirəm ki, yaxın zamanda fərqli Şeydayev görəcəksiniz.

Mən hazırda müvəqqəti baş məşqçiyəm. O müvəqqəti sözünü götürə bilsəm, kluba da, mənə də xeyirdir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: