Futbol üzrə Türkiyən milisinin və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu “Bayern”ə keçməyə razılıq verdiyini təkzib edib.
Arena.az xəbər verir ki, o, hazırda bütün diqqətini Almaniyada təşkil olunmuş Avropa çempionatında (AÇ-2024) iştiraka yönəltdiyini bildirib.
Türk futbolçunun bu barədə fikirlərini təqdim edirik:
“Bir daha deyirəm, hazırda bütün diqqətimi ölkəmin insanlarını sevindirməyə yönəltmişəm. Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirəm. İrəli, İnter!”, deyə Çalhanoğlu özünün sosial şəbəkə hesabları üzəriindən paylaşıb.
Hakan Çalhanoğlu “Valdhof Manheym” və “Karlsrue” klublarının futbol məktəblərində yetişib, “Hamburq”, “Bayer” və “Milan”da oynayıb. “İnter” 2021-ci ilin iyulunda Çalhanoğlunu əzəli rəqibi “Milan”dan azad agent qismində öz düşərgəsinə qatıb. Türk yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Çalhanoğlu “İnter”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə verib.
Hakan Çalhanoğlunun “İnter”də çıxışının ümumi mənzərəsi isə belədir: 135 oyun, 27 qol, 24 məhsuldar ötürmə.
Hakan Çalhanoğlu hazırda kapitanı olduğu Türkiyə millisinin heyətində 88 oyuna 18 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.
Çalhanoğlu “İnter”lə İtaliya A Seriyasının, İtaliya Kubokunun (2 dəfə), İtaliya Super Kubokunun (3 dəfə), qalibi olub. Həmçinin Çalhanoğlu 2021-ci ildə Türkiyədə ilin futbolçusu, 2024-cü ildə isə İtaliyada mövsümün oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 30 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


