Naço Fernandes “Real”ı tərk etməsinin səbəbini açıqladı

Madrid “Real”ının sabiq kapitanı Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubuna keçdiyini açıqlayıb.

Arena.az Naçonun bu barədə məlumatını təqdim edir:

“Karlo Ançelotti və “Real”ın oyunçuları məni hər gün qalmağa inandırmağa çalışırdılar. Minnətdarlığımı ifadə etməyə sözüm yoxdur, amma ayrılmağın vaxtı gəlmişdi. Artıq o qədər də gənc deyiləm – yanvarda 34 yaşım tamam oldu. Bunu nəzərə almaq gərəkdir. İqtisadi baxış çox vacibdir. Ailəniz üçün ən yaxşısını etməlisiniz. “Real”, MLS və Səudiyyə Ərəbistanı arasında seçim etdim”, deyə Naço bildirib.

Xatırladaq ki, Naço Fernandes “Real”ın futbol akademiyasının yetirməsidir. O, bütün karyerasını Madrid klubuna həsr edib.

2007-ci ildə “qaymaqlılar”ın düşərgəsinə daxil olmuş Naço 2012-ci ilin sentyabrında “Real”ın əsas komandasına keçirilib.

Ümumilikdə Naço “Real”ın heyətində 364 oyuna çıxıb, 16 qol, 10 məhsudlar ötürmə ilə fərqlənib.

Naço Fernandes “Real”la bütün ali futbol qənimətlərini qazanıb. O, xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçlə birlikdə 26 qənimətlə “Real” tarixinin ən zəngin oyunçusudur.

Naço Fernanses 2013-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 26 oyuna çıxıb, 1 qol vurub və 1 məhsudlar ötürmə verib. Naço “qırmızı qəzəb”lə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 34 yaşlı ispan müdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: