İngiltərənin “Çelsi” klubu heyətini iki yeni futbolçu – hücumçu Mark Qiu və yarımmüdafiəçi Kirnan Dyuzberi-Holl ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Qiu İspaniyanın “Barselona”, Dyuzberi-Holl isə İngiltərənin “Lester Siti” klubundan transfer edilib. “Zadəganlar” Qiunun transferi üçün Kataloniya təmsilçisinə 6 milyon avro ödəyiblər. 18 yaşlı ispan futbolçu ilə 5+1 illik müqavilə imzalanıb. Dyuzberi-Hollun keçidi isə təxminən 30 milyon funt-sterlinqə başa gəlib. London klubu 25 yaşlı ingilis futbolçu ilə də 5+1 illik müqavilə imzalandığını bəyan edib.
Mark Qiu “Barselona”nın öz yetirməsidir. O, Kataloniya təmsilçisinin əsas komandasında da 7 oyuna çıxmağa imkan tapıb və 2 qol vurub.
İspaniyanın U-17 yığmasında da oynamış forvard bu ildən U-19-a dəvət alır.
“Transfermarkt” internet-portalı 18 yaşlı hücumçunun dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.
Kirnan Dyuzberi-Holl da “Lester Siti”nin öz yetirməsidir. Mərkəz yarımmüdafiəçisi “Luton Taun” və “Bləkpul” klublarında icarədə də olub. O, Lester klubunun əsas komandasında meydana çıxdığı 129 oyunda 17 qol vurub, 20 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.



