Əyyub Allaş “Qəbələ”ni “Zirə”nin rəqibinə dəyişdi

Bu yay “Qəbələ”dən ayrılan yarımmüdafiəçi Əyyub Allaş bundan sonrakı karyerasını Moldovada davam etdirməyə qərar verib.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu bu ölkənin “Şerif” klubu ilə anlaşıb.

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Tiraspol təmsilçisi əslən Mərakeşdən olan belçikalı hücumameyilli yarımmüdafiəçi ilə müqavilə imzalandığını açıqlayıb. Azad agent statusuna malik futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, Əyyub Allaş 2023-cü ilin fevral ayından “Qəbələ”nin uğurları üçün çalışırdı. Yarımmüdafiəçi əyalət klubunun heyətində 56 oyuna çıxıb. O, bu oyunlarda 10 qol vurub, eyni sayda da məhsuldar ötürmə müəllifi olub.

Allaş daha öncə “Virton”, “Lyers”, “Svope Park Reyncers” və “Lyers Kempenzone” klublarında da forma geyinib. Əyyub Mərakeşin U-20 milli komandasının uğurları üçün çalışsa da, əsas millidə debüt şansı qazanmayıb.

Sonda onu da qeyd edək ki, “Zirə” ilə “Şerif” arasında ilk oyun iyulun 11-də Moldovada keçiriləcək. Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: