Emmanuel Peti Kilian Mbappeni təhqir etdi

Fransa yığmasının keçmiş yarımmüdafiəçisi Emmanuel Peti “xoruzlar”ın kapitanı, ulduz hücumçu Kilian Mbappeni tənqid edib.

Arena.az “RMC Sport” dərgisinə istinadən, Petinin bu barədə fikirlərini təqdim edir:

“Mənim üçün o, yaxşı kapitan deyil. Məgər, tərəfdaşlarının çatışmazlıqlarına eyham vurmaq kapitanın vəzifəsidirmi? O, bu məsələdə yaxşı nümunə deyildi. Sonra, üzr istəyirəm, amma bu maska ilə bağlı və ya yox, bütün bu təlaş onun burnunun sınmasından sonra baş qaldırdı. Kimin vecinədir?! Sən sınıq burunla oynamış ilk kəs deyilsən ki, axırıncı da olmayacaqsan. Onun meydanda və ya meydandan kənarda aparıcılığı yox idi, mən onun Avropa çempionatından əvvəl dediyi sözləri xatırlayıram: “Məni fiziki qüvvəmdən daha çox zehni gücüm narahat edir”. Amma mənən, sən uğursuzluğa düçar oldun, fiziki olaraq uğursuz oldun, özünün kapitan qismində də uğursuzun biri idin. Mənim üçün o, ləyaqətsiz kapitan idi”, deyə Emmanuel Peti ulduz futbolçunun “qabırğasına o ki var, döşəyib”.

Xatırladaq ki, Kilian Mbappe AÇ-2024-ün Avstriya yığması ilə 1-ci tur qrup oyununun (1:0) 86-cı dəqiqəsində oyun məqamlarının birində rəqibin mərkəz müdafiəçisi Kevin Danso ilə başa-baş toqquşma zamanı burnunu sındırmışdı. Sonra təcili tibbi yardım almış Mbappe meydana qoruyucu maska ilə çıxıraraq oynayırdı. Məhz bu səbəbdən ulduz futbolçunun tam gücü ilə oynaya bilmədiyi iddia edilirdi. Mbappe AÇ-2024-ün yarımfinalında İspaniya yığması ilə oyuna maskasız çıxsa da, Fransa yığması sürünə-sürünə çıxdığı yarımfinal oyununda 1:2 hesabı ilə məğlub olaraq, mötəbər yarışda mübarizəsinə xitam verib.

Kilian Mbappenin AÇ-2024-də keçirdiyi oyunlarda səmərəsi, “D” qrupunun 3-cü tur oyununda yarış cədvəli baxımından əhəmiyyət kəsb etməyən, Polşa yığması ilə oyunda (1:1) penaltidən vurduğu qoldan ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: