Rəşad Sadıqov: “Matçın sonunda fiziki hazırlıq öz sözünü dedi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Şerif”ə (Moldova) qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Moldova təmsilçiləri arasındakı ilk oyun bu gün Tiraspol şəhərində keçirilib.

Qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Oyundakı yeganə qolu qəsəbə təmsilçisinin gürcü legioneri Davit Volkov vurub.

Rəşad Sadıqov matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

Hər iki komanda üçün avrokubok mövsümünün başlanğıcı üçün xarakterik olan çox gərgin oyun keçdi. Adətən bu oyunlar belə gedir: çoxlu mübarizə, həm də taktiki. Heç bir komanda qol buraxmaq istəmirdi. Sonda qol vuraraq qalib gəldik və cavab görüşü öncəsi özümüzə kiçik üstünlük qazandırdıq. Ancaq bu, qarşıdurmamızın yalnız birinci yarısıdır. Bizi Bakıda çox vacib və çətin oyun gözləyir.

İndi hər iki komandanın bir-biri haqqında daha çox məlumatı var, ona görə də daha hazırlıqlı olacaqlar. Açığı, bu gün çox isti idi və komandaların dinamik oynaması çətin idi. Amma biz bir az daha dəqiq idik. Yenə deyirəm, Bakıda bizi hələ qarşıda ikinci yarı gözləyir. Matçın sonunda fiziki hazırlıq öz sözünü dedi. Bərabər oyun idi və rəqib qol vursa belə, məni təəccübləndirməzdi. Evdə kimə qarşı oynayacağımızı başa düşürük.

İkinci hissədə hücum xəttini gücləndirməyi planlaşdırırdıq. Rəqib də bunu etdi. Bizim üçün daha yaxşı alındı. Amma yenə də bu gün hər iki komanda qol vura bilərdi.

Komandaya yeni gələnlərin bugünkü çıxışından razı qaldım. Biz onların potensialını bilirik. Fikrimcə, onlar bundan sonra daha da təkmilləşəcəklər”.

“Zirə”nin bir hücumu oldu, onu da qola çevirdi”

“Şerif”in baş məşqçisi Yuri Qura isə komandasının məğlubiyyətini belə şərh edib:

“Belə oyunu uduzmaq çox ağırdır. Aydın məsələdir ki, bu gün çox isti vardı, amma bu, hər iki komanda üçün vardı. Qol vurmalı olsaq da, bunu bacarmadıq. Görüş ərzində hücumlar yaratsaq da, şanslarımızdan yararlana bilmədik. Statistikaya baxsaq, rəqib komanda bir hücum etdi və qapımıza yol tapdı. Müdafiədə yol verdiyimiz səhvdən David Volkov ustalıqla istifadə etdi. Rəqib qol vurubsa, müdafiəçilərimiz səhv ediblər. Amma mən yalnız bunu qabartmaq istəməzdim. Bu məğlubiyyətə görə başımızı aşağı salmayacağıq. Çalışmaz lazımdır”.

Xatırladaq ki, “Zirə” və “Şerif” arasında cavab oyunu bir həftə sonra “Dalğa Arena”da keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: