Luis de la Fuente: “Ayıq baxışlarımızı heç vaxt itirməmişik”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün İngiltərə yığması ilə qarşıdakı final oyunu ilə bağlı gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz sakitik. Ayıq baxışlarımızı heç vaxt itirməmişik. Bilirik ki, favorit yoxdur – bu, çox bərabər oyundur. Bilirik ki, bu yarışda göstərdiyimiz səviyyədən yuxarı oynamasaq – diqqətimizi tamamilə cəmləməsək, səhvlərə yol versək, qalib gələ bilməyəcəyik. Bilirəm ki, komandam bütün bunları icra etməyə qadirdir. Qarşılaşmanı səbirsizliklə gözləyirik, amma rəqiblərimizə böyük hörmətlə yanaşırıq.

İngiltərə yığması – əla komandadır. Bu Avropa çempionatındakı nəticələrindən və səmərəsindən asılı olmayaraq, mən bilirdim ki, İngiltərənin çox yaxşı komandası, çox yaxşı oyunçu seçimi var və onlar gec-tez işə düşəcəklər.

Mən bunu, onların oyunçularının müstəsna keyfiyyətinə görə təxmin etmişdim. Beləliklə, bizim tərəfimizdən heç bir arxayınlıq və ya həddən artıq özünəinam yoxdur. Əslində, İngiltərə yığması ilə oyun, məncə, əvvəllər Avropa çempionatında oynadığımız oyunlardan tamamilə fərqli bir oyun olacaq”, deyə De la Fuente vurğulayıb.

Luis de la Fuente AÇ-2024-ün final oyununda iki futbolçunun xidmətindən məhrum olacağını bildirib:

“İki oyunçuya əla işlərinə görə təşəkkür etmək istəyirəm: zədəli olan Pedri və ilk oyundan bəri fəsasd yaşayan, amma çox çalışmış Ayose Peres. Təəssüf ki, onlar finalda oynaya bilməyəcəklər. Qavi sabah (artıq bu gün – redaktorun qeydi) bizə dəstək olmaq üçün gələcək, o, 27 nömrəli oyunçu olacaq”, deyə De la Fuente vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında final oyunu bu gün, iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim fiti oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: