Azərbaycanı cari mövsümdə Avropa Liqasında təmsil edən “Zirə” bu gün 2024/2025 mövsümündəki növbəti rəsmi matçına çıxacaq.
Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın “Şerif” komandasını qəbul edəcək.
Xatırladaq ki, zirəlilərin bu rəqiblə ilk oyun səfərdə baş tutub. Qəsəbə klubu Moldovadan 1:0 hesablı qələbə ilə qayıdıb. Bu üzdən Azərbaycan təmsilçisinə mərhələ adlamaq üçün doğma meydanda heç-heçə də sərf edir. Amma təbii ki, bu uğuru növbəti qələbə ilə rəsmiləşdirmək daha möhtəşəm nəticə sayılacaq.
2017/18, 2018/19 və 2020/21 mövsümlərində avrokuboklarda “Qarabağ”la qarşılaşan və hər dəfə də mübarizədən məğlub ayrılan “Şerif” növbəti dəfə Azərbaycan klubu ilə qarşı-qarşıyadır. Amma bu dəfə Moldova klubu Ağdam təmsilçisi ilə yox, ölkəmizin başa çatan mövsümdə nəticələrinə görə ikinci ən yaxşı komandası olan Zirənin eyniadlı təmsilçisi ilə qarşılaşır.
Həmişə “Qarabağ”la oynayarkən öz ölkəsinin çempionu kimi Bakıya səfər edən tiraspollular bu dəfə Azərbaycana Moldova çempionu kimi gəlməyiblər. Belə ki, “Şerif” də ötən mövsüm öz ölkəsində məhz 2-ci yeri tutub.
Hər iki komanda kubokun qalibi olan çempionun hesabına Avropa Liqasına yollanıb. Bir sözlə, “Qarabağ” “Zirə”ni, “Petrokub” isə “Şerif”i Avroliqaya daşıyıb. Bu nisbətdə Azərbaycan klubunun “Şerif”lə müqayisədə daha sanballı mövsüm keçirdiyini söyləmək olar. Amma “Şerif” rəqibi ilə müqayisədə çempion olan “Petrokub”a daha layiqli müqavimət göstərib: Tiraspol klubu “Petrokub”dan 6 xal az toplayıb, “Zirə” isə “Qarabağ”dan 25 xal geriyə düşüb.
Üstəlik, “Şerif” həm avrokuboklarda, həm də öz ölkəsinin çempionatında dominant statusu var. Hər halda, biz Moldova çempionatının 21 qat qalibindən danışırıq. “Zirə” isə ölkə çempionluğunun nə olduğunu bilmir. Avrokuboklarda təcrübədən ümumiyyətlə danışmağa dəyməz. “Şerif” isə 2021-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Real”ı “Santyaqo Bernabeu”da məğlub edən komandadır.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu
18 iyul
20:00. Zirə – Şerif
Hakimlər: Bulat Sariyev, Denis Labaşov, Yuri Tixonyuk, Aydin Tassibayev (hamısı Qazaxıstan).
Mərdəkan. “Dalğa Arena”. Saat 20:00.
İlk oyun – 1:0.


