“Lill” Yoronun “Mançester Yunayted”ə keçməsi üçün zor tətbiq edib

Artıq məlum olduğu kimi, gənc fransalı mərkəz müdafiəçisi Leni Yoronun “Lill”dən “Mançester Yunayted”ə keçidi gerçəkləşib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, fransız klubu bu keçidin gerçəkləşməsində tamahkarlıq məqsədilə gənc futbolçuya hədə gələrək, onu zorla “qırmızı şeytanlar”a qoşulmağa məcbur edib.

Perspektivli gənc mərkəz müdafiəçilərindən hesab edilən Leni Yoro uzun müddətdir ki, İspaniya nəhəngi “Real”ın diqqət mərkəzində idi. “Kral klubu” ilə gənc müdafiəçi arasında şifahi razılıq da vardı. Son ana qədər bu keçidin məhz “Real”a olacağı aydın idi. Amma “Mançester Yunayted” Fransa klubuna gənc müdafiəçi müqabilində daha yüksək məbləğ təklif edərək, keçidi öz xeyrinə həll edib. “Qırmızı şeytanlar”ın 62 milyon avro məbləğ təklifi müqabilində “Lill” daha az məbləğ təklif edən “Real”ın futbolçu ilə şifahi razılığına rəğmən, Yoroya hədə-qorxu gəlməyə başlayıb. “İtlər”in rəhbərliyi Yoronu “Mançester Yunayted”ə keçidi seçməyəcəyi halda, növbəti mövsümdə “bankada çürütməyə” söz verib – yəni ehtiyat oyunçular skamyasında saxlamağı. Beləliklə, Yoro Fransa klubu ilə müqaviləsi başa çatacaq növbəti mövsümün sonuna qədər fəal futbolsuz qalması təhlükəsi qarşısında “qırmzı şeytanlar”a qoşulmağı seçib.

Leni Yoro “Lill”in yetirməsidir. O, qısa karyerası ərzində ancaq “itlər”ə xidmət edib.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə Yoro “Lill”in heyətində bütün yarışlarda 44 oyuna 3 qolla fərqlənib. Böyük futbolda cəmi 3 mövsüm keçirmiş Yoronun “itlər”in heyətində çıxışının ümumi mənzərəsi isə rəqəmlərin gözü ilə belə görünür: 60 oyun, 3 qol, 1 məhsuldar ötürmə.

Yoro Fransanın əsas milli komandasına hələ dəvət almasa da, aşağı yaş dəstələri üzrə yığmalarda – U-17, U-18, U-19, U-21 və U-23-də çıxış edib. O, həmçinin “xoruzlar”ın Olimpiya komandasına cəlb edilib.

Leni Yoro böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: