Toma Mönye “Trabzonspor”u “Lill”ə dəyişdi

Futbol üzrə Belçika yığmasının və “Trabzonspor”un sağ cinah müdafiəçisi Toma Mönye Türkiyə klubu ilə müqaviləsini ləğv edib.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Super Liqa təmsilçisində qalmaq istəməyib və Fransanın “Lill” klubundan aldığı sərfəli təklifi qəbul edib.

O, Liqa 1 təmsilçisi ilə azad agent kimi 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqavilə bağlayıb. Lakin Trabzon klubu rəsmi bəyanat yayaraq futbolçunun bu addımını qınayıb və ondan ali futbol qurumlarına şikayət ediləcəyini açıqlayıb.

Toma Mönye “Trabzonspor”a 2024-cü ilin yanvarında Dortmund “Borussiya”sından azad agent qismində keçmişdi. Belçikalı futbolçu Türkiyə klubu ilə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. Geridə qalmış 2023/2024-cü illər mövsümünün ikinci yarısında Mönye “Trabzonspor”un heyətində bütün yarışlarda 19 oyuna 1 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

Toma Mönye 2013-cü ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 66 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə verib.

“Lill” Belçikanın “Mexelen” klubunun dayaq yarımmüdafiəçisi Nqalayel Mukaunu da transfer edib. Fransa klubu bu keçid üçün 5 milyon avro ödəyib. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Nqalayel Mukau “Mexelen”in öz yetirməsidir. Gənc yarımmüdafiəçi bu klubun əsas komandasında 37 oyun keçirib. Vaxtilə Belçikanın U-18 yığmasında oynamış Mukau, ötən il Konqo Demokratik Respublikasının U-20 yğmasında debüt edib.

Toma Mönyeni “Lill”ə buraxmaq məcburiyyətində qalan “Trabzonspor” daha dörd futbolçusu ilə yollarını ayırıb. Belə ki, Super Liqa təmsilçisi Yunanıstandan olan dayaq yarımmüdafiəçisi Dimitrios Kurbelis, ispaniyalı mərkəz müdafiəçisi Xoakin Fernandes, mərakeşli sağ vingeri Montasser Lahtimi və monteneqrolu mərkəz yarımmüdafiəçisi Oqnen Bakiçlə vidalaşıb. 21 yaşlı Bakiç ötən ilin sentyabrında transfer olunduğu “Trabzonspor”u rəsmi matça çıxmadan tərk edib və Xorvatiyanın “Şibenik” klubuna keçib. O, yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. Digər üç futbolçu isə azad agent kimi özlərinə yeni klub axtarışındadır.

Xəbəri sosial şəbəkələrdə paylaş: