Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün cüdo yarışlarına start verilib.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçularından ilk olaraq mübarizəyə Leyla Əliyeva start verib.
48 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/16 final mərhələsində Xalimajon Kurbanova (Özbəkistan) ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Əliyeva turnirlə erkən vidalaşmalı olub.
Bu gün daha bir cüdoçumuz mübarizəyə start verəcək. İlk mərhələdən azad olan Balabəy Ağayev (60 kq) Olimpiadaya 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) – Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, cüdo yığmamız Paris-2024-də 9 idmançı ilə təmsil olunur.
Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


