Hidayət Heydərov Olimpiya çempionu oldu!

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının (Paris-2024) qalibi olub.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Con Benjamin Qaba ilə üz-üzə gəlib.

Çətin keçən qarşılaşmada yerli idmançını da məğlub edən Hidayət olimpiadanın qızıl medalını qazanıb.

Xatırladaq ki, dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən cüdoçumuz mərhələ adlayıb.

Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə görüşüb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. O, bu rəqibinə ipponla qalib gəlib və yarımfinala yüksəlib.

Hidayət yarımfinalda Akil Qyakova (Kosovo) ilə üz-üzə gəlib. Cüdoçumuz bu dueli də aktivinə yazıb və finala vəsiqə əldə edib. Yekunda isə idmançımız karyerasındakı ən böyük zəfərə imza atıb.

Finalda Hidayətə məğlub olan fransalı Con Benjamin Qaba gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Hasimoto bürünc medala sahib çıxıblar. Osmanov üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə görüşdə qələbə qazanaraq fəxri kürsüdə yer alıb.

Daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdılar.

Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur.

Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: