Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının (Paris-2024) qalibi olub.
Arena.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarışa 1/8 finaldan başlayıb.
O, startda Pyotr Kuçeranı (Polşa) ipponla məğlub edərək mərhələ adlayıb.
Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib.
Azərbaycan cüdoçusu finala gedən yolda Özbəkistandan olan Muzaffarbek Turoboyevlə üz-üzə gəlib. Zelim bu dueldə də rəqibindən güclü olub. İnamlı qələbə qazanan idmançımız finala vəsiqə qazanıb.
Azərbaycanın bu Olimpiadadakı ikinci medalını təmin edən Zelim Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşib. O, həlledici görüşdən də qalib ayrılmaqla Olimpiya çempioni tituluna yiyələnib.
Xatırladaq ki, Azərbaycanın cüdo üzrə yığma komandası Olimpiadada 9 idmançı ilə təmsil olunur. Daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımızdan Hidayət Heydərov (73 kq) da Olimpiya çempionu tituluna yiyələnmişdi. Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq), Gültac Məmmədəliyeva (52 kq) və Zelim Tçkayev (81 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdılar. Elcan Hacıyev (90 kq) isə ikinci döyüşündə məğlub olduğu üçün mübarizəni dayandırmışdı.
Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


