Toni Kroos Almaniyada ilin futbolçusu seçildi

Almaniya yığmasının və “Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos ölkəsində ilin futbolçusu adına layiq görülüb.

Arena.az məlumat verir ki, Kroos səsvermədə “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi üstələyib.

“Bu nəticə böyük təsdiqdir və ötən il əldə etdiklərimin sayəsindədir. Hətta bu, sonuncu dəfə seçilməyim olsa belə, bu, karyerasını başa vurmuş oyunçuya təşəkkürə əsaslanmayan bir mükafatdır.

Bu, yazıqlıq doğuran mükafat deyil, bunun yaşla və ya karyeranın sonu ilə heç bir əlaqəsi yoxdur, sadəcə meydandakı çıxışlarla bağlıdır – ən azı buna ümid edirəm (gülür)”, – “Sky Sport Germany” dərgisi Kroosdan sitat gətirir.

Xatırladaq ki, daha əvvəl Kroos vətəni Almaniyada keçirilən 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlamışdı. Buna qədər isə alman yarımmüdafiəçi “Real”la 2023/2024-cü il Çempionalar Liqasının qalibi olduğu, Dortmund “Borussiya”sı ilə möhtəşəm final oyunundan (2:0) sonra vidalaşmışdı.

2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif etmiş və yenidən bundestimin düşərgəsinə qayıtmışdı.

Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib.

2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.

Toni Kroos “Real”la bütün mümkün ali klub yarışlarında dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.

Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 114 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: