“Real”a Şarlott şəhərinin açarı təqdim edildi

Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatının Şarlott şəhər şurası İspaniya nəhəngi “Real”a şəhərin açarını təqdim edib.

Arena.az bu barədə Madrid klununun rəsmi saytına istinadən məlumat verir.

Tədbir Şarlott-Meklenburq hökumət mərkəzində baş tutub. Mərasimdə “Real”ın beynəlxalq institusional əlaqələr üzrə direktoru Emilio Butrageno, peşəkar futbol üzrə direktoru Santyaqo Solari və “qaymaqlılar”ın braziliyalı keçmiş müdafiəçisi Roberto Karlos iştirak ediblər.

Qonaqları şəhər meri vəzifəsini icra edən Dante Anderson qəbul edib.

Xatırladaq ki, “Real” avqustun 7-də Şarlotda “Çelsi” ilə yoldaşlıq oyunu keçirəcək. Bu oyun İspaniya nəhəngi üçün yeni mövsümə hazırlıq ərəfəsində dördüncü qarşılaşma olacaq. Daha əvvəl “Real” iki yoldaşlıq oyununda – “Milan”a (0:1) və əzəli rəqibi “Barselona”ya (1:2) uduzub, “Albasete” ilə oyunda (3:0) isə qalib gəlib.

Xatırladaq ki, “Real” üçün yeni mövsüm avqustun 14-də, UEFA Super Kuboku uğrunda “Atalanta”ya qarşı oyunla başlayacaq. Oyun Polşanın paytaxtı Varşavanın “Milli” stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: