Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Arena.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Maqomedxan Maqomedov 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşacaq.
Yeri gəlmişkən, Azərbaycanın digər sərbəst güləşçisi Georgi Meşvildişvilinin də növbəti rəqibi müəyyənləşib. 125 kq çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda görüşdə Polşa təmsilçisi Robert Baranla üz-üzə gələcək. Bürünc medal uğrunda qarşılaşmalar bu gün, Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Daha öncə cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də Olimpiadakı gümüş medalla başa vurub. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal əldə edib.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.


