AÇ-2024-dən sonra Polşa yığma komandasındakı karyerasını başa vuran qapıçı Voyçex Şesnı İtaliyanın “Yuventus” klubundan ayrılıb.
Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Polyak qapıçının “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.
2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.
Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Onun “Yuventus” karyerası bütövlükdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” matçdan ibarətdir.
Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol “yeyib”, 34 oyundan “quru” qurtulub.
Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 34 yaşlı polyak qapıçının trandfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.
“Yuventus” sol cinah müdafiəçisi Canluka Frabotta və sol vingeri Marley Ake ilə də yollarını ayırıb. İtaliyadan olan 25 yaşlı Frabotta azad agent kimi İngiltərənin “Vest Bromviç” klubuna keçib. O, yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Fransalı Marley Ake isə İsveçrənin “İverdon Sport” klubuna keçib. 23 yaşlı futbolçu da yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.
“Yuventus” sağ vingeri Nikola Sekulovu da “Sampdoriya”ya icarəyə verib. Sözügedən klub 22 yaşlı oyunçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb.


