Futbol üzrə Səudiyyə Ərəbistanı Super Kubokunun “Əl-Nəsr” – “Əl-Taavun” arasında keçirilmiş yarımfinal oyunu başa çatıb.
Arena.az məlumat verir ki, “Əl-Nəsr” bu oyunda 2:0 hesablı inamlı qələbə qazanaraq, finala vəsiqəsini təmin edib.
Bu komandanın portuqal hücumçusu Kristiano Ronaldo qələbəyə məhsuldar ötürmə və qolla öz töhfəsini verib. Ulduz futbolçunun komandası finalda daha əvvəl “Əl-Əhli”ni mübarizədən kənarlaşdırmış “Əl-Hilal”la qarşılaşacaq.
Xatırladaq ki, “Əl-Hilal” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionluğunu və Super Kubokunu qazanıb.
Kristiano Ronaldo komandasının qələbəsi münasibətilə özünün “X” sosial şəbəkə hesabı üzərindən adəti üzrə paylaşmasını dərc edib:
“Super Kubokun finalı yaxınlaşır!”, – Ronaldo yazıb.
Vurğulayaq ki, Kristiano Ronaldo özünün peşəkar futbolçu karyerası ərzində ardıcıl 23-cü mövsümdə qol vurmaqla, şəxsi rekordunu da yeniləmiş olub.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun indiki klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib. Cari mövsümə isə Ronaldo artıq məlum olduğu kimi ilk oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


