“Real”ın braziliyalı ulduzu Vinisius Junior xeyriyyə məqsədli bir layihənin həyata keçirilməsinə razılığını verib.
Arena.az “Globo Esporte” dərgisinə istinadən məlumat verir ki, “Vini” doğma şəhəri San-Qonsaluda tərk edilmiş dövlət məktəbini bərpa etmək üçün təxminən 3 milyon avro məbləğində xərci öz üzərinə götürüb.
Gələcəkdə məktəb beş minə yaxın şagirdi qəbul edə biləcək. Sosial mərkəzdə ödənişsiz təhsil, idman və mədəniyyət imkanları yaradılacaq.
Xatırladaq ki, Vinisius bir neçə ildir ki, öz vətənində təhsilin gənclər üçün əlçatan olmasında fəal iştirak edir. Braziliyalı ulduz yoxsul tələbələr üçün təhsil proqramı olan “Instituto Vini Jr.” təhsil ocağının təsisçisidir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 1 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 265 oyun, 83 qol, 76 məhsuldar ötürmə.
“Vinni” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Vinisiusun dünyanın ən bahalı dörd futbolçusundan biri olması deməkdir.


