“Real”ın braziliyalı vingeri Vinisius Junior İspaniya La Liqasının 1-ci turunda “Malyorka” ilə səfər oyununda (1:1) xoşagəlməzliklə üzləşib.
Arena.az məlumat verir ki, “Malyorka” azarkeşləri braziliyalı futbolçunun topa hər toxunuşunda onu cani-dildən fitə basıblar.
Bildirilir ki, Vinisius baş hakimdən tribunalarda baş verənlərə diqqətlə yanaşmasını istəyib. Belə ki, “Vini” mütəmadi olaraq irqi təhqirlərə məruz qalır və müvafiq hallara qarşı mübarizə aparır.
Vurğulayaq ki, Vinisius tez-tez belə vəziyyətlərə düşür. La Liqa klublarının bir çox azarkeşi braziliyalı futbolçunun davranışına və qaradərili futbolçulara qarşı irqçiliklə bağlı mübarizəsində sərt ifadələrinə görə onun haqqında mənfi fikirdədir.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı vinger “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib. Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində 2 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 266 oyun, 83 qol, 77 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Vinisiusun dünyanın ən bahalı dörd futbolçusundan biri olması deməkdir.


