İlkay Gündoğan Almaniya yığmasındakı karyerasını başa vurdu

“Barselona”nın 33 yaşlı mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan Almaniya yığmasındakı karyerasını başa vurub.

Arena.az məlumat verir ki, türkəsilli almaniyalı futbolçu bu barədə özünün sosial şəbəkə hesabları üzərindən bəyanat yayıb:

“Bir neçə həftəlik düşüncələrdən sonra belə qənaətə gəldim ki, milli komandadakı karyeramı bitirməyin vaxtı çatıb. 2011-ci ildə milli komandada debüt edəndə vətənim üçün heç vaxt təsəvvür etmədiyim bir rəqəm – 82 oyun keçirdiyim üçün böyük qürur hissi ilə geriyə baxıram”, – Gündoğanın açıqlamasında deyilir.

İlkay son illərdə kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 82 oyuna 19 qol vurub, 9 məhsuldar ötürmə verib.

İlkay Gündoğan “Barselona”ya 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Gündoğan “Barselona”nın heyətində 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.

İlkay 2022/2023-cü illər mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. Gündoğan uzun illər “şəhərlilər”in kapitanı olub.

İlkay Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum”, “Borussiya” (Dortmund) kimi klublarda da çıxış edib.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da qeyd edək ki, İlkay Gündoğanın bu yay “Barselona”dan ayrılması gündəmdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: