“Real”ın və Xorvatiya yığmasının mərkəz yarımmüdafiəçisi Luka Modriç milli komandanın heyətində çıxışını davam etdirəcək.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, veteran futbolçu Almaniyada keçirilmiş AÇ-2024-dən sonra yığma komandada çıxışını davam etdirmək qərarına gəlib.
38 yaşlı Modriç UEFA Millətlər Liqası çərçivəsində Xorvatiya yığmasının Portuqaliya və Polşa yığmalarına qarşı keçirəcəyi oyunlara dəvət alıb.
Mənbənin məlumatına görə, Modriç 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamaq arzusundadır. Modriç özünü yarımmüdafiədə keyfiyyətli əvəzedicilər tapmaqda çətinlik çəkən Xorvatiya yığması üçün vacib fiqur hesab edir.
Zlatko Daliçin yetirmələri sentyabrın 5-də Portuqaliya, sentyabrın 8-də Polşa yığması ilə qarşılaşacaqlar.
Luka Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvat futbolçu 2012-ci ilin avqustunda 35 milyon avro məbləğ müqabilində “Tottenhem”dən Madrid klubuna qoşulub. Modriçin İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu geridə qalmış 2023/2024-cü illər mövsümündə “Real”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 2 qol vurub, 8 məhsuldar ötürmə verib.
Cari mövsümdə isə Modriç “Real” üçün 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 536 oyun, 39 qol, 86 məhsuldar ötürmə.
Modriç “Real”la dəfələrlə bütün mümkün əsas klub yarışlarında qalib olub. Lukanın “Real”la qazandığı 26 qənimətə 6 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 4 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 5 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir. 27 qənimətlə Modriç “Real” tarixində ən zəngin futbolçudur.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasının heyətində 178 oyuna çıxıb, 26 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı xorvat yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


