Conatan Tanın “Bayern”ə keçidi niyə baş tutmayıb?

“Bayer”in müdafiəçisi Conatan Tanın agenti Maks Bilefeld müştərisinin “Bayern”ə keçidinin baş tutmamasının səbəbini açıqlayıb.

Arena.az Bilefeldin bu barədə fikrini təqdim edir:

“Danışıqları həqiqətən çətinləşdirmiş bir məqam vardı. Bu, “Bayer”in baş icraçı direktoru Fernando Karronun açıqladığı bəyanatlardır. Bu, vəziyyəti danışıqlar müstəvisindən şəxsi məsələ müstəvisinə keçirdi, bundan sonra isə müzakirələr zəhərləndi.

Biz hamımız, o cümlədən Conatan istərdik ki, Fernando Karro bu məsələyə daha peşəkar yanaşsın. Bizim nöqteyi-nəzərimizdən bu, qeyri-peşəkar idi”, deyə Bilefeld vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Bayern”in Taya görə “Bayer”ə təxminən 25 milyon avro məbləğ təklif etdiyi, “əczaçılar”ın isə Almaniya nəhəngindən ən azı 30 milyon avro məbləğ tələb etdiyi haqda məlumat yayılmışdı.

Maks Bilefelddən öncə “Bayern”in idman direktoru Maks Eberl də Conatan Tanın bu kluba keçidinin alınmamasının səbəblərindən danışmış və qarşı tərəfi günahlandırmışdı.

Conatan Ta “Bayer”ə 2015-ci ilin iyul ayında “Hamburq”dan 9,5 milyon avro məbləğ müqabilində keçib.

Tanın “əczaçılar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ta ümumilikdə “Bayer”in heyətində 356 oyuna çıxıb, 14 qol vurub, 12 məhsuldar ötürmə verib.

Conatan Ta 2016-cı ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 29 oyun keçirib.

Conatan Ta “Bayer”lə Almaniya Bundesliqasının, Almaniya Kubokunun və Almaniya Super Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: