Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun FIDE reytinqindəki yeni mövqeləri müəyyənləşib.
Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Ali şahmat qurumunun rəsmi saytında açıqlanmış siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov nail olub. Qrosmeysterimiz 2733 xalla 17-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2700) 31-ci, Rauf Məmmədov (2637) 100-cü pillədə yer alıb.
Cədvələ 2832 xalla norveçli Maqnus Karlsen başçılıq edib. ABŞ şahmatçısı Hikaru Nakamura (2802) ikinci, bu ölkənin digər qrossmeysteri Fabiano Karuana (2798) üçüncüdür.
Qadınlardan iki pillə geriləyən Günay Məmmədzadə (2433) 33-cü pillədə qərarlaşıb. On sıra itirən Gövhər Beydullayeva (2395) 53-cü, iki mövqe geriləyən Xanım Balacayeva (2384) 62-cidir. Ülviyyə Fətəliyeva (2369) isə 4 sıra irəliləməklə 68-ci yerdə qərarlaşıb.
Siyahıya çinli Yifan Hou (2633) başçılıq edir. İkinci pillədə Venyun Yu (Çin, 2563), üçüncü sırada Tan Zonqyi (Çin, 2551) yer alıb.


