“Yuventus”un keçmiş qapıçısı Voyçex Şesnı onu, karyerasını başa vurmağa təhrik etmiş klubun qərarından məyus olduğunu bildirib.
Arena.az xəbər verir ki, polyak qapıçı daha bir mövsümü Turində keçirmək istədiyini etiraf edib:
“Bu yeddi mövsüm asan çağırış olmayıb. Bir ömür boyu macəra yaşadığınız zaman və bu macəranın öhdəsindən çox yaxşı gəldiyiniz zaman bu, fantastikdir. Bu il hələ də komandaya kömək etmək istəyirdim, amma bu, məndən asılı deyildi”, deyə Şesnı vurğulayıb.
Son olaraq İtaliyanın “Yuventus” klubunda çıxış etmiş polşalı qapıçı avqust ayının axırında peşəkar karyerasını başa vurduğunu açıqlayıb. 34 yaşlı qolkiper həyat yoldaşına və iki övladına daha çox vaxt ayırmaq üçün bu addımı atdığını bildirib.
Xatırladaq ki, bu yay Almaniyada təşkil olunmuş Avropa çempionatından (AÇ-2024) sonra Polşa yığmasındakı karyerasını başa vurduğunu açıqlamış Şesnı, qısa müddət sonra “Yuventus”dan da ayrılmağa qərar vermişdi. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi. Polyak qapıçının “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Voyçex Şesnı futbola Varşavanın “Aqrikola” klubunda qədəm qoyub, buradan “Legiya” (Varşava), ardınca isə London “Arsenal”ının akademiyasına yol tapıb. “Arsenal”da olarkən Şesnı “Brentford” və “Roma”da icarə əsasında çıxış edib.
2017-ci ilin iyulunda “Yuventus” Şesnını 18,4 milyon avro müqabilində “Arsenal”dan öz düşərgəsinə qatıb.
Ötən mövsüm Şesnı “byankoneri”nin heyətində bütün yarışlarda 35 oyuna çıxıb, 30 qol quraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib. Onun “Yuventus” karyerası bütövlükdə 252 oyun, 233 buraxılmış qol və 103 “quru” matçdan ibarətdir.
Voyçex Şesnı 2009-cu ilin noyabrında debüt etdiyi Polşa yığmasının heyətində 84 oyuna 83 qol buraxıb, 34 oyundan “quru” qurtulub.
Şesnının qənimətlər muzeyində “Arsenal”la qazandığı İngiltərə Kuboku (2 dəfə) və İngiltərə Super Kuboku, həmçinin “Yuventus”la əldə etdiyi İtaliya A Seriyası çempionluğu (3 dəfə), İtaliya Kuboku (2 dəfə) və İtaliya Super Kuboku (2 dəfə) var. Şesnı 2022-ci ildə Polşada ilin futbolçusu seçilib.


