Ronaldo hesabı açdı, Pioli debütdə 3 qola sevindi – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 4-cü turu çərçivəsində baş tutan “Əl-İttifaq”la oyunun iştirakçısı olub.

“Əl-Nəsr” səfərdə baş tutan bu oyunda 3:0 hesablı qələbəyə sevinib. Oyunda hesabı 33-cü dəqiqədə penaltini dəqiq yerinə yetirmiş Ronaldo açıb. 56 və 71-ci dəqiqələrdə daha iki qol vuran qonaqlar darmadağına seviniblər. Kristiano 90 dəqiqə meydanda olub.

Yeri gəlmişkən, bu oyun italiyalı mütəxəssis Stefano Piolinin Ronaldonun komandasındakı debüt oyunu olub.

4 turdan sonra 8 xal toplamış “Əl-Nəsr” çempionatın yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Əl-İttifaq” isə 9 xalla 3-cü pillədə yer alıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 6 oyuna 5 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 70 oyun, 63 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: