“Liverpul”un baş məşqçisi Arne Slot Trent Aleksander-Arnoldun müdafiədəki səmərəsini yaxşılaşdırmaq üçün nə etməli olduğunu açıqlayıb.
Arena.az niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bildiyim tək xüsus odur ki, biz UEFA Çempionlar Liqasını və Premyer Liqa qənimətini qazanmış oyunçudan danışırıq. Məncə, söhbət onun müdafiədə nə edə biləcəyindən getmir. Məsələ burasındadır ki, hər zaman son dərəcə diqqətcil olmaq gərəkdir. Trentlə bu barədə danışmışıq, amma mən ona özünü müdafiə etməyi öyrətməmişəm. Yenə deyirəm, Aleksander-Arnold UEFA Çempionlar Liqasının qalibi və İngiltərə çempionu olub”, deyə Arne Slot bildirib.
Yeri gəlmişkən, “Liverpul”un keçmiş futbolçusu Qlen Conson “qırmızılar”ın ingilis müdafiəçisinin “Real”a niyə keçə biləcəyini açıqlayıb. Keçmiş futbolçunun bu barədə açıqlamasına diqqət yetirək:
“Real”ın bir hissəsi olsanız, sizə qənimətlər qazanmağa zəmanət verilir. Bu, aşkar amildir. “Liverpul” üçün onlara zəmanət verilmir, amma mersisaydlılar onları qazana bilərlər. Trent üçün məsələnin maliyyə tərəfinin önəmli olduğunu düşünmürəm, çünki belə oyunçular həmişə yaxşı qazanırlar. Ancaq qənimətlərə gəlincə, onlara “Real”da sahib olacağına zəmanət verilir”.
Qeyd edək ki, Trent Aleksander-Arnold “Liverpul”un öz yetirməsidir və 2016-cı ilin iyulundan “qırmızılar”ın əsas komandasında çıxış edir. Müdafiəçinin klubla müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Son aylarda onun “Liverpul”u tərk edəcəyi ilə bağlı çoxlu xəbərlər dolaşmaqdadır.
Aleksander-Arnold cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. Aleksander-Arnoldun “Liverpul”un heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 316 oyun, 19 qol, 83 məhsuldar ötürmə.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent Aleksander-Arnold 2018-ci ilin iyununda debüt etdiyi İngiltərə yığmasının heyətində 31 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 25 yaşlı sağ cinah müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.