Peter Şmeyxel Premyer Liqanın ən yaxşı qapıçısını açıqladı

Danimarka futbolunun əfsanəsi Peter Şmeyxel günümüzdə İngiltərə Premyer Liqasının ən yaxşı qapıçısının kim olduğuna dair fikrini ifadə edib.

Arena.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş qapıçısı seçimini “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Moraesin üzərində saxlayıb:

“Ederson Premyer Liqanın ən yaxşı qapıçısıdır. O, vacib qurtarışların edilməsində və “təkbətək” vəziyyətlərdə əladır. “Liverpul”un qapıçısı Alisson Bekker ayaqları ilə oyunda o qədər də yaxşı deyil. O, Edersonda görmədiyiniz xətalara yol verir. Onları fərqləndirən yeganə cəhət də budur”, deyə Peter Şmeyxel bildirib.

Maraq üçün əlavə edək ki, gerçəklik fərqli mənzərə yaradır: “Liverpul”un qapıçısı Alisson Bekker Braziliya millisinin əsas, Ederson isə ehtiyat qapıçısıdır.

Ederson Moraes “San Paulo”nun yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıblar. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ederson cari mövsümdə “Siti”nin heyətində 8 oyuna çıxıb, 7 qol “yeyib”, 2 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 340 oyun, 264 buraxılmış qol, 157 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub yarışlarında qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 6 qat, İngiltərə Kubokunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: