Taciskistanın paytaxtı Düşənbə şəhərində gənclər arasında təşkil olunmuş cüdo üzrə dünya çempionatı sona çatıb.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları da bu yarışda qüvvələrini sınayıblar.
Millimiz mundialı 1 gümüş və 2 bürünc mükafatla bitirib.
81 kq-da yarışan Süleyman Şükürov çıxışına ikinci mərhələdən başlayıb və Mixaylo Siminə (Serbiya) qalib gəlib. Daha sonra o, Senq-Min Kimi (Koreya) məğlub edərək 1/4 finala yüksəlib. Şükürov ardınca Coşua De Lanq (Niderland) ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə güləşib. Görüş həmyerlimizin inamlı qələbəsi ilə yekunlaşıb. Şükürov bununla da fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Digər medalçımız Əjdər Bağırov (100 kq) startda Cos Şell (Niderland) üzərində qələbə qazanıb, daha sonra Qaqa Qaqadze (Gürcüstan) və Mate Lakoşa (Macarıstan) qalib gələrək yarımfinala yüksəlib. O, bu mərhələdə Muhammedsodiq Sadıkova (Özbəkistan) məğlub olub və Alireza Niksereşt (İran) ilə bürünc medal uğrunda mübarizə aparıb. Qələbə qazanan cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Kənan Nəsibovun (+100 kq) çıxışı daha uğurlu alınıb. O, Tamaz Beqanaşvili (Gürcüstan), Recep Ergin (Türkiyə), Darius Dobre (Rumıniya) və Arsen Kadzaevi (IJF) məğlub edərək finala yüksəlib. Həlledici döyüşdə Kənan Denis Baçayevlə (IJF) qarşılaşıb. Nəsibov məğlub olduğundan dünya çempionatını gümüş medalla bitirib.
Fərdi yarışlarda qüvvəsini sınayan digər 10 cüdoçumuzun çıxışı uğurlu alınmayıb.
Dünya çempionatının son günündə isə komanda yarışlarında qaliblər bəlli olub. Azərbaycan cüdoçuları mübarizəyə 1/8 finaldan qoşulublar. Yığmamız tatami sahibləri ilə qarşılaşmada 4:2 hesablı qələbə qazanıblar. 1/4 finalda komandamızın işi çətin olmayıb. Təmsilçilərimiz Türkmənistanı 4:0 hesabı ilə məğlub ediblər.
Millimiz eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Fransa ilə gərgin mübarizədə rəqib komanda 4:3 hesabı ilə üstün olub. Bürünc uğrunda görüşdə isə cüdoçularımız Özbəkistan idmançıları ilə qarşılaşıblar. 2:4 hesabı ilə uduzan komandamız cüdo üzrə dünya çempionatının komanda yarışını medalsız başa vurub.


