Fofana Mbappenin müdafiəsinə qalxdı

Fransa yığmasının və “Çelsi”nin müdafiəçisi Uesli Fofana “xoruzlar”ın ulduz hücumçusu və kapitanı Killian Mbappenin müdafiəsinə qalxıb.

Arena.az xatırladır ki, Mbappe Fransa yığmasının oyunları zamanı İsveçin paytaxtı Stokholmun gecə klublarından birində peyda olduqda sonra, Fransa futbol ictimaiyyətinin tənqidinə düçar olub.

“İnsanlar asudə vaxtlarında istədiklərini edə bilərlər. Bu, bizim Fransa yığması haqda bu gün danışdığımız məqam deyil, mən bu hekayə haqqında eşitməmişəm. O, istədiyini edir, əla oğlan və böyük peşəkardır. Amma biz buna çoxmu əhəmiyyət veririk? Mən bilmirəm. O, ən yaxşı fransalı oyunçudur, ona görə də bu qədər işıqlandırılması adi haldır.

Düşünürəm ki, bəzən mətbuat çox uzağa gedir. Əlavə məlumat üçün Kilian Mbappenin özü ilə əlaqə saxlamalısınız”, deyə Fofana həll yolu təklif edib.

Xatırladaq ki, daha əvvəl Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam 25 yaşlı futbolçunun zədədən sağalma mərhələsindən keçdiyi üçün “xoruzlar”ın düşərgəsinə çağırılmadığını bildirmişdi.

Mbappe özünün bərbad idman forması mənzərəsində yenidən tənqid seli ilə üzləşib. Fransa futbol ictimaiyyəti “xoruzlar”ın kapitan sarğısını daşıyan futbolçunun gecə klublarını və restoranları gəzib-dolaşması, bunu açıq-aydın, yığma komandanın oyunları vaxtı, “belə də olmalıdır” üslubunda etməsi ilə razılaşmır. Fransada Mbappenin yığma komandada kapitanlıqdan məhrum edilməsini tələb edirlər.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrıladaq, İspaniya nəhəngi “Real”ın düşərgəsinə keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 11 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: