Deku və Fabreqas Messi ilə Yamalın müqayisəsindən danışdılar

“Barselona”nın idman direktoru Deku “blauqrana”nın 17 yaşlı yeniyetmə ispaniyalı cinah hücumçusu Lamin Yamal haqda danışıb.

Arena.az xəbər verir ki, klub rəsmisi yeniyetmə futbolçunun Kataloniya təmsilçisinin sabiq ulduzu Lionel Messi ilə müqayisəsinə münasibət bildirib:

“Lamin əlbəttə ki, bir neçə il ərzində bu klubun əsas siması və bələdçisi ola bilər. Mən onu Lionel Messi və ya digər oyunçularla müqayisə etmək fikrində deyiləm… Biz Laminin klubumuzda olmasına şadıq, onunla maraqlanırıq və onu qiymətləndiririk”, deyə Deku vurğulayıb.

İtaliyanın “Komo” komandasının baş məşqçisi Sesk Fabreqas da Lamin Yamal və Lionel Messi arasında aparılan müqayisələri cavablayıb:

“Mən bu söz-söhbətləri başa düşürəm. Onları çox sevmirəm, çünki düşünürəm ki, hər bir oyunçu fərqlidir və hər birimizin öz hekayəsi var. İndi Lamin öz yolunu tutmalıdır. Ancaq “Leo”nun əvvəllər necə olduğunu xatırlamağa sövq edən bəzi əlamətlər var. Hesab edirəm ki, bu tamamilə adidir, xüsusən də çətin dövrünü yenicə keçmiş “Barselona” azarkeşləri üçün”, deyə Fabreqas bildirib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 11 oyuna 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.

Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 62 oyun, 12 qol və 14 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı cinah hücumçusunun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: