Marotta futbolçuların gərgin oyun təqvimindən danışdı

“İnter”in prezidenti Cüzeppe Marotta son vaxtlar gündəmdə olan mövzu – futbolçuların ifrat sıx məşğulluq təqvimi ilə bağlı fikrini paylaşıb.

Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, italyan məmur oyunların sayının azaldılmalı olduğunu düşünür:

“İlk növbədə onu qeyd etmək gərəkdir ki, futbolçular bütün bu oyunlarda fiziki gərginliyin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Buna çoxsaylı zədələr də bir sübutdur. Bütün bu öhdəliklərlə hazırlıq keçirmək çətindir. Biz masa arxasına oturub qəbul etməliyik. Təqvim daha yumşaq olmalıdır. Oyunların sayı azaldılmalıdır, çünki futbol daha sürətli və daha təzadlı olub. Ona görə də zədələrin daha çox olmasını başa düşmək olar”, deyə Marotta vurğulayıb.

Vurğulayaq ki, daha əvvəl də futbol dünyasından bir çox nüfuzlu futbol adamları – Karlo Ançelotti, Xosep Qvardiola, Vensan Kompani kimi məşqçilər oyun təqviminin sıxlığı ilə bağlı fəsadın həlli məqsədilə futbol məmurlarına səslənmişdilər. Həmçinin “Liverpul”un braziliyalı qapıçısı Alison Beker də oyun təqviminin tərtibatı zamanı futbolçuların fikirlərinin nəzərə alınmasının vacibliyini vurğulamışdı. “Mançester Siti”nin ispan “dayaqçı”sı Rodri isə futbolçuların səsinin dinlənilməyəcəyi halda, bu fəsadın həlli üçün futbolçuların ümumi tətil keçirə biləcəyini də istisna etməmişdi.

FIFA və UEFA isə vəziyyəti hələ müşahidə mövqeyindən çıxış edir. Vurğulanır ki, “biabırçı təqvim” məhz rəhbər qurumların futbolun başına açdığı “hoqqaların” nəticəsidir. Əksər oyunçular və məşqçilər bu qənaətdədirlər ki, sıx oyun təqvimi oyunçuların ağır zədələr alması ilə yanaşı, futbolda oyun keyfiyyətini də aşağı salır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: