Bir müddət öncə “Neftçi”dən azad agent kimi ayrılmış Azərbaycanın yığmasının sabiq yarımmüdafiəçisi Qara Qarayev “Araz-Naxçıvan”a keçib.
Arena.az bu barədə Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Müxtəlif illərdə 17, 19, 21 yaşadək, eləcə də əsas millimizdə çıxış etmiş Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Futbolçu ilə bu gün rəsmi müqavilə imzalanıb. O, artıq heyət üzvlərinə təqdim olunub. Təcrübəli yarımmüdafiəçi bu gündən etibarən yeni komandasında məşqlərə start verib.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb.
Qara Qarayev “Qarabağ”ın yetirməsidir. O, 2008-ci ildən “Neftçi”yə keçənə qədər məhz Ağdam klubunun əsas komandasında çıxış edib. Təcrübəli futbolçu bu komandada 445 matça çıxıb. Dayaq yarımmüdafiəçisi bu oyunlarda 5 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Qara Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
Qarayev 2023-cü ilin iyul ayından “Neftçi”də çıxış edirdi. Yarımmüdafiəçi bu il sentyabrın 19-da paytaxt klubundan ayrılandan bəri işsiz idi. Klub rəhbərliyi təcrübəli futbolçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlamışdı.
Qaranın “Neftçi” karyerası 28 oyun, 1 qol və 2 assistdən ibarətdir.
Qara Qarayev 2014-cü ilin may ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 77 oyuna çıxıb. O, bu oyunlarda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


