“Real”ın baş məşqçisi Karlo Ançelotti 2023/2024-cü illər mövsümü üçün dünyanın ən yaxşı məşqçisi seçilməsinə münasibət bildirib.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən qısa yazı dərc edib:
“Ailəmə, prezidentimə, klubuma, oyunçularıma və hər şeydən əvvəl Vinisius Junior və Dani Karvaxala təşəkkür etmək istəyirəm”, – Ançelotti paylaşıb.
Xatırladaq ki, ötən mövsüm Ançelotti “Real”a İspaniya La Liqasını, İspaniya Super Kubokunu və UEFA Çempionlar Liqasını qazandırıb.
“Qızıl top” isə “Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodriyə verilib. Vinisius səsvermədə 2-ci, Cud Bellingem 3-cü, Daniel Karvaxal isə 4-cü olub.
Vurğulayaq ki, “Qızıl top”un qalibi haqda məlumat hələ mərasimdən əvvəl mətbuata sızıb və “Real”, buna qədər futbol ictimaiyyəti tərəfindən nüfuzlu mükafata əsas iddiaçı göstərilən Vinisius Juniora müvafiq münasibəti qərəz kimi qiymətləndirərək, tədbirə qatılmayıb.
“Real”ı mərasimdə klub nümayəndəsi kimi yalnız Emilio Butragenyo təmsil edib.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.


