“Montsa”nın baş məşqçisi Alessandro Nesta İtaliya A Seriyasının “Milan”la 11-ci tur ev oyununda 0:1 hesablı məğlubiyyəti şərh edib.
Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, “rossoneri”nin futbol əfsanəsi, italyan mütəxəssis bu oyuna dair açıqlamasında yarıtmaz hakimliyi sərt tənqid edib:
“Biz qəzəb içindəyik, amma bu uşaqlarla da fəxr edirik. “Atalanta” (0:2) və “Milan”la iki möhtəşəm oyun keçirdik. Birinci hissədə dörd qol vura bilərdik. Bir qol vurduq, amma bu, hesaba alınmadı.
Fikrimcə, hakimlər futbolu korlayıb məhv edirlər, köhnə hakimlik tərzinə qayıtmaq gərəkdir. Bu, nə cür qayda pozuntusudur? Hakimlər “Atalanta” ilə oyundan sonra “Montsa”dan üzr istəsələr də, əfv bizi xal itirməkdən xilas etməyəcək. Futbolu çox mürəkkəbləşdirirlər, bunların hamısı mənasızdır.
Əvvəllər futbol daha sadə idi, təmas idmanı idi, indi hər kiçik toxunuş cəzalandırılır. Ayağın dırnağı öndədirsə, oyundankənar vəziyyətdir. Mübarizəyə əlləriniz arxada girməlisiniz, əks halda penalti ola bilər.
Hesab edirəm ki, hakimlik idmana uyğunlaşmalıdır, əksinə deyil. Qaydalar idmana uyğunlaşdırılmalıdır, əksinə yox”, deyə Alessandro Nesta narazılıqla vurğulayıb.
10 oyundan sonra “Milan” 17 xalla İtaliya A Seriyasının yarış cədvəlində 7-ci pillədə qərarlaşıb. “Montsa” isə 11 oyundan 8 xalla 17-ci pillədədir. A Seriyasına 10 oyundan 25 xalla “Napoli” başçılıq edir.


